Get Mystery Box with random crypto!

Ukraynanın cənub cəbhəsindən Xerson istiqamətində başladığı ir | Şərqə Baxış

Ukraynanın cənub cəbhəsindən Xerson istiqamətində başladığı irimiqyaslı əks-hücum əməliyyatı iki gündür ki, davam edir. Ukraynanın əks-hücumdakı məqsədi kimi rus qoşunlarını Dnepr çayının qərb sahilindən sıxışdırıb çıxarmaq göstərilir. Geniş kontekstdə isə bu əks-hücumun Rusiyanın Nikolayev üzərindən Odessaya mümkün müdaxiləsi ehtimalını ortadan qaldırmaq məqsədi daşıdığı bildirilir. Yəni, Ukrayna Rusiyanın cənub-qərb istiqamətində möhkəmlənməsinə göz yummaq istəmir.

Cənubdakı əks-hücumun psixoloji kontekstdə önəmli olduğu barədə deyilənlərə daha çox qatılıram. Məlum olduğu kimi, bütün yay boyunca həm daxildə, həm də xarici auditoriyada Ukraynanın cənubdakı əks-hücumu gözlənilirdi. Hücumun gecikdikcə gecikməsi həm daxildə, həm də xaricdə inamı azaldırdı. Ola bilər ki, Ukrayna rəhbərliyi əks-hücuma keçərkən hərbi-taktiki amillərdən daha çox, bu amilə üstünlük verib. Heç hücuma keçməməkdənsə, limitli qazancın ola biləcəyi bir əks-hücum variantı seçilib. Bununla da, rəsmi Kiyev Qərbdə xüsusi inam yaradacağını və Ukraynaya hərbi dəstəyin daha da intensivləşəcəyini düşünür. Təbii ki, burada Rusiya tərəfinin sentyabrın əvvəllərində Xersonda keçirmək istədiyi referenduma imkan verilməməsi məqamı da var, bu da Ukrayna daxilində siyasi rəhbərlik və orduya inamı gücləndirmək deməkdir. Ancaq Ukraynanın hücumunun ciddi uğursuzluqla nəticələnməsi də cənub istiqamətində müqavimətin zəifləməsi və Rusiyanın Nikolayevə yolunun açılması riski daşıyır.

Rusiya tərəfi Ukraynanın Xerson istiqamətindəki əks-hücumunun ilk fazalarının dəf edildiyini, qarşı tərəfin xeyli sayda itkilərin olduğunu bildirir. Ukrayna isə müdafiə xəttini yarma əməliyyatının uğurlu olduğunu, müəyyən ərazilərin azad edildiyini bildirir. Göründüyü kimi hər iki tərəfin iddiaları bir-birindən kəskin fərqlənir. İndiki məqamda dəqiq nəsə demək tezdir. Yəqin ki, bir neçə günə əks-hücumla bağlı ilkin mənzərə müəyyənləşəcək. Cənubdakı əks-hücumun nəticəsinin müharibənin ümumi mənzərəsini dəyişdirəcək qədər iriqmiqyaslı olub olmayacağını isə zaman göstərəcək.

@serqebaxis