Get Mystery Box with random crypto!

İraqın güclü siyasi fiquru olan şiə din xadimi Müqtəda əl-Sədr | Şərqə Baxış

İraqın güclü siyasi fiquru olan şiə din xadimi Müqtəda əl-Sədrin siyasət meydanından çəkildiyini elan etməsindən sonra paytaxt Bağdadda gərginlik pik həddə çatıb. Sədr tərəfdarlarının küçələrə axışmasından sonra baş verən qarşıdurmalarda azı 15 nəfər həlak olub, 200-dən çoxu yaralanıb.

Hazırkı siyasi böhranın dar çərçivədə seçkilərdən 10 ay keçməsinə baxmayaraq baş nazir və kabinet məsələsində uzlaşa bilməyən Sədrçilər və İran dəstəkli şiə siyasi qrupların (bu qruplar Koordinasiya Çərçivəsi adı altında toplanıb) mübarizəsindən qaynaqlandığı bəllidir. Səddam sonrası İraq siyasi sisteminə əsasən, prezidentlik kürsüsü kürdlərə, parlament spikerliyi sünnilərə, baş nazirlik isə şiələrə ayrılıb. Müqtəda əl-Sədrin dini motivlərlə yanaşı, İraq millətçiliyini ön plana çıxarmaqla İranın Bağdada siyasi təsir imkanlarını tamamilə sonlandırmaq istəməsi isə bu mübarizənin daha geniş çərçivəsidir. Bu mənada, hazırkı mənzərəni İraq şiəliyi və İran şiəliyi arasında mübarizə kimi də şərh edənlər var. Ərəb millətçiliyi vurğusu edən və İranın İraqdakı təsirini qırmaq istəyən Müqtədanın Körfəzin Ərəb monarxları tərəfindən dəstəkləndiyini təxmin etmək yəqin ki, elə də çətin deyil.

Müqtəda parlamentdəki sünni və kürd partiyalarla koalisiya quraraq İran dəstəkli şiə qrupları hökumətdən kənarda saxlamağa çalışsa da, Tehranın təzyiqləri nəticəsində belə bir koalisiya hökuməti baş tutmadı. İran heç bir halda şiəlik faktoru vasitəsilə İraq dövlət aparatına təsirini itirmək istəmir. Bu həm də İranın Yaxın Şərqdəki “şiə hilalı” qrand strategiyasına çox ciddi zərər vura bilər.

Əvvəlcə parlamentdən çəkilən Müqtəda Koordinasiya Çərçivəsinin Məhəmməd əl-Sudanini baş nazir namizədi kimi göstərməsinə etiraz olaraq tərəfdarlarını küçəyə çıxardı, əzələ nümayiş etdirərək yeni seçkilər keçirilməsi barədə çağırış etdi. Bununla da, Müqtəda “mənim istədiyim olmasa, heç kimin istədiyi olmayacaq” mesajını verdi.

Gərginliyin yüksək olduğu bir vaxtda, bu gün Müqtədanın yaşlı tərəfdarlarının önəmli qismininin təqlid mərceyi kimi qəbul etdiyi ayətullah Kazem əl-Haerinin səhhətini əsas göstərərək dini rəhbər funksiyalarından imtina etməsi və müqəllidlərini bundan sonra İran rəhbəri Xameneyini izləməyə çağırması toqquşmaları yenidən alovlandırıb. Haerinin bu həmləsi Müqtədanın anti-İran siyasi kursu ilə bütünlüklə ziddiyət təşkil edir və böyük ehtimal ki, bu, İranın Müqtədaya cavab zərbəsidir. Lakin Müqtədanın dini motivlərdən daha çox ölkədəki xronik sosyoloji problemlərə, korrupsiyaya vurğu etməsini nəzərə alsaq bu həmlənin onun dayaqlarını silkələsə də, dərindən sarsmayacağını qeyd etmək lazımdır. Müqtəda xüsusilə İraqın yoxsul və gənc kütlələrinə xitab edən populist siyasət yürüdür, bu mənada Müqtədanı təkcə şiəlik çərçivəsində saxlamaq da mümkün deyil.

Müqtəda kimi ambissiyalı birinin siyasət səhnəsindən birdəfəlik çəkilməsi də realistik deyil. Hər halda, Müqtəda bundan öncə də dəfələrlə siyasətdən getdiyi barədə açıqlamalar versə də, bir neçə aydan sonra meydanlara yenidən qayıdıb. Bəzi ekspertlər, Müqtədanın siyasət səhnəsindən çəkilmə elanını hərəkət sərbəstliyini təmin etmək, şiddət hadisələrindən məsuliyyət daşımamaq üçün manevr kimi qiymətləndirir.

Bağdadda Sədrçilər və İran dəstəkli qruplar arasında silahlı qarşıdurmaların nəzarətdən çıxdığı bu dəqiqələrdə İran mənbələri şəkil paylaşaraq Müqtədanın Tehrana gəldiyini bildirir. Bəzi mənbələr isə Müqtədanın İrana zorla aparıldığını iddia edir. Müqtədaya yaxın mənbələr isə onun İranda olması ilə bağlı məlumatı təkzib edib.

@serqebaxis