Get Mystery Box with random crypto!

Rusiya-Ukrayna müharibəsinin 6 ayı tamam olur. Müharibə ərəf | Şərqə Baxış

Rusiya-Ukrayna müharibəsinin 6 ayı tamam olur.

Müharibə ərəfəsində Rusiyanın hesablamaları nə olursa olsun, hərbi əməliyyatlara başlamaqla çox böyük riskə girdiyi barədə müzakirə aparmışdıq. Bilirik ki, müharibələrin gedişatı kağız üzərində yox, meydandakı reallıqlarla müəyyən olunur. Rusiyanın Ukraynaya mümkün müdaxiləsini Sovet-Əfqanıstan müharibəsi örnəyi ilə müqayisə etmişdik.

Həmin müzakirədə bir izləyicimiz “müharibəni istədiyin vaxt başlada bilərsən, ancaq istədiyin vaxt sonlandıra bilməzsən” xarakterli bir fikir yazmışdı. Həqiqətən də geridə qoyduğumuz 6 ay bu fikrin nə qədər doğru olduğunu göstərdi. İndiki mərhələdə müharibənin sonlanmasının hansısa tərəfin təktərəfli iradəsindən asılı olmadığı barizdir.

Münaqişənin sonlanması üçün ya bir tərəf tamamilə məğlub edilməlidir, ya da bir mərhələdən sonra gücü tükənən tərəflər bir-birinə geri addım atmaq imkanı yaradıb aktiv fazanı səngitməyə razılaşmalıdır.

Rusiya prezidenti Putin bir neçə həftə öncə “hələ heçnəyə başlamamışıq, əsas həngamə qabaqdadır” tipli açıqlama vermişdi. Ukrayna prezidenti Zelenski isə müharibənin ilk həftələrində ciddi güzəştlərə hazır olduğu Krım məsələsində son dövrlərdə daha kəskin mövqe sərgiləməyə başlayıb. Bu da yəqin ki, Kiyevi aktiv şəkildə dəstəkləyən Qərb cəbhəsində Rusiyaya qarşı sərt mövqe göstərilməsinə tərəfdar olan qüvvələrin müharibənin əvvəllərində daha üstün olan Rusiyaya güzəştlər edilməsinə tərəfdar qüvvələri indiki periodda üstələməyə başladığını göstərir. Hərbi cəhətdən hər iki tərəf yorğun və tükənmiş görünsə də, siyasi indikatorlar müharibənin aktiv fazasının yaxın gələcəkdə sonlanmayacağına işarə edir.

Rusiya-Ukrayna müharibəsinin hər iki ölkənin gələcəyi ilə yanaşı, Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya regionundakı reallıqları köklü şəkildə dəyişdirəcəyinə heç bir şübhə yoxdur. Eyni zamanda, bu müharibə qlobal nizamın siyasi, hərbi, iqtisadi və enerji müstəviləri başda olmaqla, bütün elementlərinin ciddi miqyasda reviziyasını qaçılmaz edəcək.

@serqebaxis